Gənclər üçün növbəti film nümayişi təşkil olunub

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində muxtar respublikanın 100 illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərə vətənpərvərlik ruhunun aşılanmasına, Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın tanıdılmasına xidmət edən növbəti film nümayişi təşkil olunub. Gənclər bu dəfə Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” filmini izləyiblər.

 

Tarixi və bioqrafik məzmunlu filmdə xalqımızın Sədərək döyüşlərindəki qəhrəmanlığı cəsur bir xanımın – qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur. Naxçıvan televiziyasının arxivindən götürülmüş unikal kadrları, eləcə də filmin baş qəhrəmanı Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini tamaşaçılar həyəcanla izləyiblər. Filmdə Sədərəyin qəhrəmanlıq tarixi varaqlanır, Naxçıvan döyüşçülərinin də uğrunda can qoyduğu Şuşa zirvəsinə qədər keçilən qəhrəmanlıq yolu izlənilir.